Göygöldə məktəbdə kütləvi zəhərlənmə: 10 şagird xəstəxanada
Fevralın 16-da Göygöl rayonunun Aşıqlı kəndində yerləşən C. Verdiyev adına tam orta məktəbdə dərs zamanı 10-a yaxın şagirdin özlərini pis hiss etməsi nəticəsində xəstəxanaya müraciət edilib. Şagirdlərə ilkin tibbi yardım göstərilib və vəziyyətləri qənaətbəxş qiymətləndirilib. İlkin məlumatlara görə, zəhərlənmənin məktəbdə yedikləri qidadan qaynaqlandığı ehtimal edilir.
Hadisə ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dərhal araşdırmalara başlayıb. Məktəbin bufetində aparılan yoxlamalar zamanı bəzi məhsulların üzərində etiket məlumatlarının aydın və oxunaqlı olmadığı, həmçinin son istifadə tarixinin bitməsinə baxmayaraq satışda saxlanıldığı müəyyən edilib. Bu səbəbdən məktəbin bufetinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
AQTA əməkdaşları həmçinin şagirdlərin qəbul etdiyi “Elcan” əmtəə nişanlı qarğıdalı çubuqlarının emal olunduğu müəssisədə də yoxlama tədbirləri həyata keçirib. Bu müəssisənin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilib.
Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq qurumlarla birgə araşdırmalar davam etdirilir. Şagirdlərin sağlamlığı ilə bağlı hər hansı bir təhlükə olmadığı bildirilir.
Rəsmi mənbələr:





Post Comment