Azərbaycanın Elm və Təhsil Nazirliyi, İranda Azərbaycan dilində tədris aparılan məktəblərin olmamasına diqqət çəkib. Açıqlamada, İranın həyata keçirdiyi siyasət nəticəsində bu ölkədə Azərbaycan dilində tədris aparılan bir məktəbin belə olmadığı bildirilib. Qeyd olunub ki, ali təhsil müəssisələrində də Azərbaycan dilində tədris həyata keçirilmir.
Halbuki, İran əhalisinin təxminən 40 milyonunu köklü etnik azərbaycanlılar təşkil edir və onlar onilliklərdir öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər.
Nazirlik, İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlamaları təəccüb və təəssüf doğurduğunu bildirib. Açıqlamada, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin qarşısı qətiyyətlə alınacağı vurğulanıb.
Nazirlik, İran rəsmilərinə tövsiyə edib ki, Azərbaycanın daxili işlərinə müdaxilə etmək əvəzinə, öz ölkələrindəki bu məsələlərlə məşğul olsunlar və onilliklərdir davam edən bu ədalətsizliyin aradan qaldırılması üçün tədbirlər görsünlər.
