Üç yaşlı uşağın qopmuş əli əməliyyatla bərpa edilib
Üç yaşlı bir oğlan uşağı, sol əlinin ət maşınında sıxılması nəticəsində ağır travmatik amputasiya keçirib. Hadisədən təxminən 7 saat sonra, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasına gətirilən xəstənin sol əl biləyi və əl daraqları, həmçinin baş, işarə, orta və üzük barmaqları metakarpofalangeal oynaq səviyyəsində tam amputasiya olunmuşdu.
Klinik qiymətləndirmədən sonra, yüksək ixtisaslı mikrocərrahi komanda tərəfindən təcili əməliyyat həyata keçirilib. Əməliyyatın ilkin mərhələsində bilək və əl daraqlarının sümük strukturlarının anatomik vəziyyətdə reduksiyası və daxili fiksasiyası təmin edilib. Daha sonra əlin bütün fleksor tendon sistemi, radial və ulnar arteriyalar, median və ulnar sinirlər, ekstensor tendon sistemi, eləcə də müvafiq digital arteriya və sinir strukturları mikrocərrahi üsullarla bərpa edilib.
Təxminən 8 saat davam edən əməliyyat uğurla tamamlanıb. Əməliyyatdan sonra xəstə 24 saat ərzində reanimasiya şəraitində intensiv monitorinq altında saxlanılıb. Hemodinamik və lokal vəziyyətinin stabil olması nəzərə alınaraq, postoperativ dövrün 2-ci günündə palataya köçürülüb.
Hazırda xəstənin ümumi vəziyyəti qənaətbəxşdir. Rekonstruksiya olunmuş sol yuxarı ətrafın klinik vəziyyətində müsbət dinamika müşahidə olunur. Ətrafın sağ qalması baxımından kritik postoperativ mərhələ uğurla keçilib. Uşaq uzunmüddətli funksional bərpanın əsas komponentlərindən biri olan mərhələli reabilitasiya proqramına cəlb edilib.
Bu klinik hadisə uşaqlarda ağır mexaniki əl travmaları zamanı erkən və düzgün qiymətləndirmənin, vaxtında cərrahi müdaxilənin, sümük, damar, sinir və tendon strukturlarının kompleks şəkildə rekonstruksiyasının, eləcə də multidisiplinar postoperativ reabilitasiyanın əhəmiyyətini bir daha nümayiş etdirir. Uğurla yekunlaşan əməliyyat, Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının yüksək texnologiyalı mikrocərrahi imkanlarını və həkim komandasının peşəkarlığını göstərən nümunəvi bir təcrübədir.





Post Comment