Azərbaycanın tanınmış kino və teatr aktrisası, Xalq artisti Elmira Şabanova 86 yaşında vəfat edib. O, 1940-cı il noyabrın 1-də Bakıda anadan olub və Azərbaycan Dövlət İncəsənət İnstitutunun həm aktyorluq, həm də rejissorluq fakültələrini bitirib. 1962–1997-ci illərdə həmin institutda pedaqoji fəaliyyət göstərərək gənc aktyor nəslinin yetişməsinə töhfə verib. Elmira Şabanova “Azərbaycanfilm” kinostudiyasında 30-a yaxın bədii filmdə rol alıb. Onun yaratdığı yaddaqalan obrazlar arasında “Səhər”, “Qəm pəncərəsi”, “Təhminə” və “Fəryad” filmlərindəki rolları xüsusi yer tutur. 2000-ci ildə “Əməkdar artist”, 2006-cı ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2003-cü ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Vida mərasimi noyabrın 26-da saat 11:00-da Təzəpir məscidində keçirilib. Mərasimdə Mədəniyyət Nazirliyinin əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, eləcə də ailə üzvləri iştirak ediblər. Daha sonra Elmira Şabanova Yasamal qəbiristanlığında dəfn olunub. Mədəniyyət Nazirliyi mərhumun vəfatından kədərləndiyini bildirərək ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
