Türk Dünyası Bəstəkarlar Birliyi yaradılacaq FOTO
Sentyabrın 18-də Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakı şəhərində Türk Dünyası Bəstəkarları Qurultayının təsis iclası keçirilib. Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanın aparıcı musiqi qurumlarının nümayəndələri iştirak ediblər.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qurultayın Türk dünyasının musiqi ictimaiyyəti üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, Fondun missiyasına uyğun olaraq, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası ilə birgə ilk dəfə Türk Dünyası Bəstəkarlarının genişmiqyaslı qurultayının keçirilməsi təşəbbüsünü irəli sürdüklərini bildirib. Raimkulova qeyd edib ki, yeni beynəlxalq peşəkar platformanın məqsədi Türk dünyası ölkələrinin bəstəkarlarını, musiqişünaslarını, ifaçılarını, musiqi təhsili müəssisələrini və aparıcı musiqi təşkilatlarını bir araya gətirmək, onlar arasında peşəkar əməkdaşlığın inkişafına töhfə verməkdir. Xüsusilə əlamətdardır ki, bu tarixi addım XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində atılır.
Qurultay çərçivəsində Türk Dünyası Bəstəkarlar Birliyi (Turkic Union of Composers, TUC) təsis edilib və Birliyin yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb. Tədbirin sonunda iştirakçılara üzvlük vəsiqələri və sertifikatlar təqdim olunub.
Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılmasında əsas məqsəd Türk dünyasının yaradıcı potensialını bir araya gətirmək, bəstəkarlar və musiqi təşkilatları arasında peşəkar əməkdaşlığı gücləndirmək, müasir bəstəkarlıq məktəblərini dəstəkləmək, yeni əsərlərin ərsəyə gəlməsinə töhfə vermək, eləcə də türk xalqlarının musiqisini nüfuzlu beynəlxalq səhnələrdə təbliğ etməkdir.





Post Comment