Loading Now

Türkdilli Ölkələrin Şahmat Akademiyası yaradılacaq

Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər regionda şahmatın inkişafını dəstəkləmək məqsədilə bir sıra yeni təşəbbüslərə imza atmağa başlayıblar. Bu barədə məlumat Azərbaycan Şahmat Federasiyasından əldə edilib. Qərar, Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının iclasında qəbul edilib. İclasda qurumun 2030-cu ilə qədərki inkişaf strategiyası müzakirə olunub. Layihəyə ümumi şahmat akademiyasının yaradılması, yeni beynəlxalq turnirlərin təşkili, həmçinin məşqçi və hakimlərin peşəkar hazırlığı üçün proqramların həyata keçirilməsi daxildir. Strategiya Türkdilli Ölkələrin Şahmat Akademiyası (“Turkic Chess Academy”) layihəsinin icrası ilə reallaşdırılacaq. Bu platforma üzv ölkələrin zəngin şahmat məktəblərinin təcrübəsini bir araya gətirəcək. Akademiya çərçivəsində məşqçi və hakimlərin birgə hazırlanması, effektiv təcrübə mübadiləsi, seminarlar və təhsil proqramlarının keçirilməsi planlaşdırılır. Eyni zamanda, şahmat sahəsində rəqəmsallaşma texnologiyalarının tətbiqi və bu istiqamətdə mütəxəssis mübadiləsi əsas prioritetlərdən biri olacaq. Layihə zamanı turnir təqvimi də əhəmiyyətli dərəcədə genişlənəcək. Assosiasiya daha çox komanda və fərdi yarışlar, birgə təlim-məşq toplanışları təşkil etməyi hədəfləyir. Yeniyetmə şahmatçılar və veteranlar üçün xüsusi turnirlər nəzərdə tutulub. Qeyd edək ki, ölkəmizi iclasda Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov təmsil edib.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment