Oktyabrın 12-dən 18-dək ABŞ-ın Las Veqas şəhərində keçiriləcək U-23 dünya çempionatında Azərbaycanı 23 güləşçi təmsil edəcək. Yarışın ilk günlərində yunan-Roma güləşi üzrə komandamız xalça üzərinə çıxacaq. Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Rövşən Bayramov və Sabah Şəriətinin rəhbərliyi altında Fərid Sadıxlı (55 kq), Elmir Əliyev (60 kq), Ayxan Cavadov (63 kq), Məhəmməd Şükürzadə (67 kq), Fərid Xəlilov (72 kq), Ruslan Nurullayev (77 kq), Elmin Əliyev (82 kq), Orxan Hacıyev (87 kq), İsmayıl Rzayev (97 kq) və Məzaim Mərdanov (130 kq) mübarizə aparacaqlar.
Daha sonra qadın güləşçilərimiz yarışa qoşulacaqlar. Baş məşqçi əvəzi Toğrul Əsgərovun rəhbərliyi altında Nərgiz Səmədova (53 kq), Gültəkin Şirinova (55 kq) və Günay Qurbanova (59 kq) Las Veqasda çıxış edəcəklər.
Çempionatın son günlərində isə sərbəst güləşçilər xalça üzərinə çıxacaqlar. Böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Salkazanov və Şərif Şərifovun rəhbərliyi altında Vasif Bağırov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Elcan İsmayılzadə (79 kq), Səbuhi Əmiraslanov (86 kq), Anar Cəfərli (92 kq), Zəfər Əliyev (97 kq) və Xetaq Karsanov (125 kq) iştirak edəcəklər.
Gündüz seanslarının qarşılaşmaları Bakı vaxtı ilə saat 21:30-da, axşam seanslarının görüşləri isə 04:45-də başlayacaq. U-23 dünya çempionatında I-S dərəcəli hakim Bəşir İsazadə və I dərəcəli referi Əli Babayev ədaləti qoruyacaqlar.
