Oktyabrın 8-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov arasında görüş keçirilib. Görüşdə Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidentinin və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun isə Azərbaycana, o cümlədən Qarabağa səfərləri məmnunluqla xatırlanıb və bu səfərlərin ikitərəfli münasibətlərin inkişafında mühüm rolu vurğulanıb.

Ötən ildən etibarən ölkələr arasında ən yüksək səviyyədə beş səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyinin və qarşılıqlı əlaqələrin dinamikasının bariz göstəricisi kimi qiymətləndirilib. Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin son illərdə dinamik şəkildə inkişaf etdiyi qeyd olunub.

Siyasi, iqtisadi, nəqliyyat, tranzit, logistika, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, həmçinin Xəzər dənizi mövzusu və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə edilib. Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün ölkəmizlə region dövlətləri arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyəti vurğulanıb.

Prezident İlham Əliyev bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Dövlətimizin başçısı ötən ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri formatına tamhüquqlu üzv qəbul edilməsini xatırladaraq, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov tərəfindən irəli sürülmüş bu tarixi təşəbbüsün yekdilliklə dəstəklənməsinə görə bir daha minnətdarlığını bildirib.

Dövlət başçıları ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir