Yeni Azərbaycan Partiyası (YAP) Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın və hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkillərinin Azərbaycanla bağlı səsləndirdikləri fikirlərə sərt reaksiya verib.

YAP-ın açıqlamasında, uzun müddətdir ki, Türkiyənin bəzi media orqanlarında və sosial media platformalarında, o cümlədən AKP iqtidarına yaxınlığı ilə tanınan informasiya resurslarında Azərbaycan haqqında həqiqətə uyğun olmayan, qərəzli, böhtan və iftira xarakterli məlumatların yayıldığı qeyd olunub.

Partiya, YAP ilə AKP arasında mövcud olan tərəfdaşlıq münasibətlərini və Azərbaycanla Türkiyə xalqlarını birləşdirən tarixi qardaşlıq bağlarını nəzərə alaraq, indiyədək bu cür hallara təmkin nümayiş etdirdiklərini bildirib. Lakin son dövrlərdə Azərbaycana qarşı yönəlmiş informasiya kampaniyasının daha aqressiv, sistemli və açıq böhtan xarakteri alması, xüsusilə də Türkiyə Prezidentinin baş müşaviri statusunu daşıyan şəxsin və hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkillərinin belə bir kampaniyaya qoşulması məsələyə açıq münasibət bildirməyi zəruri edib.

YAP, Oktay Saralın və AKP-dən olan millət vəkillərinin məsələnin mahiyyətini, Azərbaycanın konstitusion quruluşunu və ölkədə dini etiqad azadlığının hüquqi əsaslarını nəzərə almadan populist və məsuliyyətsiz açıqlamalar verməsini ciddi təəssüf doğurduğunu bildirib. Belə açıqlamaların Azərbaycan–Türkiyə qardaşlıq münasibətlərinin ruhuna zidd olduğu və ictimai müstəvidə süni gərginlik yaratmağa xidmət edə biləcəyi vurğulanıb.

Partiya, Azərbaycan xalqının milli-mənəvi və dini dəyərlərinə tarix boyu böyük hörmətlə yanaşdığını, ölkədə dini etiqad azadlığının Konstitusiya ilə təmin olunduğunu və dövlətin bütün dinlərin nümayəndələrinə bərabər münasibət göstərdiyini qeyd edib. Təhsil sahəsində tətbiq olunan qaydaların isə bərabərlik, dünyəvilik, qanunun aliliyi və bütün vətəndaşlar üçün bərabər imkanların təmin edilməsi prinsiplərinə əsaslandığı vurğulanıb.

YAP, AKP rəsmilərini Azərbaycana qarşı məsuliyyətsiz açıqlamalardan çəkinməyə çağırıb və belə açıqlamaların Azərbaycan–Türkiyə münasibətlərinə zərər verə biləcəyini bildirib.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir