Özbəkistanın paytaxtı Daşkənd və tarixi Səmərqənd şəhərlərində noyabrın 30-dan dekabrın 7-dək Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.
Bu tədbirin əsas məqsədi Azərbaycan xalqının zəngin tarixi-mədəni və ədəbi irsini tanıtmaq, həmçinin Azərbaycan və Özbəkistan arasında mədəniyyət sahəsində əlaqələri daha da inkişaf etdirməkdir. Proqram çərçivəsində muğam və klassik musiqi, caz, teatr və kino sənəti, müasir təsviri incəsənət kimi müxtəlif sahələr təqdim olunacaq. Eyni zamanda, qadınların mədəniyyətin və ictimai fikrin inkişafındakı rolu xüsusi diqqətə alınacaq; XX əsrin əvvəllərində fəaliyyət göstərmiş maarifçi qadınların irsi və müasir qadın rəssamların yaradıcılığı nümayiş etdiriləcək.
Tədbirlərdə iştirak etmək məqsədilə Azərbaycandan 200-dən çox mədəniyyət nümayəndəsi, o cümlədən musiqiçilər, aktyorlar, yazıçılar, rəssamlar və yaradıcı sənaye təmsilçiləri Özbəkistana səfər edəcək. Bu tədbirlər həmçinin “Mədəni və Yaradıcı Sənayelər Həftəsi”ni əhatə edəcək ki, bu da yaradıcı sahədə fəaliyyət göstərən mütəxəssislər arasında təcrübə mübadiləsinə, yeni tərəfdaşlıq əlaqələrinin qurulmasına və birgə layihələrin təşviqinə imkan yaradacaq.
Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixi köklərə, dil və mədəniyyət birliyinə, əsrlər boyu qorunub saxlanılan dostluq ənənələrinə əsaslanır. Dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı etimadı sayəsində iki ölkə arasında əlaqələr strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Son illərdə hər iki ölkədə keçirilən qarşılıqlı mədəniyyət günləri humanitar əməkdaşlığın ardıcıl inkişafını nümayiş etdirir. 2023-cü ildə Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri, 2024-cü ildə Daşkənddə Azərbaycan Mədəniyyəti Günləri və Xivədə Şuşa Günləri keçirilib. 2025-ci ildə isə Bakıda Özbəkistan Mədəniyyəti Günləri təşkil olunub.
Özbəkistanda keçiriləcək növbəti Azərbaycan Mədəniyyəti Günləri iki qardaş ölkə arasında mədəni-humanitar əlaqələrin daha da dərinləşdirilməsinə, yaradıcı dairələr arasında yeni əməkdaşlıq imkanlarının yaranmasına, xalqları birləşdirən dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə mühüm töhfə verəcək.
