Avropa İttifaqı ilə Azərbaycan arasında yeni, hərtərəfli saziş üzrə rəsmi danışıqların bərpa olunması xüsusi aktuallıq kəsb edir. Bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç məlumat verib. Onun sözlərinə görə, artıq Bakıda və Brüsseldə danışıqların iki konstruktiv mərhələsi keçirilib və proses davam edir.

Səfir Kuyundziç bildirib ki, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq qalır. O, xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın Avropa İttifaqının mühüm enerji təchizatçılarından biri olduğunu vurğulayıb.

Diplomat qeyd edib ki, tərəfdaşlıq bərpaolunan enerji, külək enerjisi və “yaşıl keçid” kimi sahələri də əhatə etməklə getdikcə genişlənir. Azərbaycanın Avropa ilə Asiya arasında ticarət, logistika və əlaqəliliyin gücləndirilməsi baxımından böyük potensiala malik olan Transxəzər Nəqliyyat Dəhlizinin inkişafında da mühüm rol oynaya biləcəyini əlavə edib.

Bu kontekstdə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin 2026-cı il iyulun 1-2-də Bakıya etdiyi rəsmi səfər də xüsusi qeyd edilməlidir. Həmin səfər zamanı o, Cənubi Qafqaz boyunca infrastruktur layihələrinə dövlət və özəl sektor tərəfindən 2 milyardadək investisiyanın səfərbər edilməsini nəzərdə tutan “Global Gateway” investisiya paketini elan etdi. Bu paketin əsas istiqamətlərindən biri strateji nəqliyyat və əlaqəlilik infrastrukturunun dəstəklənməsidir. Buraya Naxçıvan dəmir yolu şəbəkəsinin modernləşdirilməsi və Bakı limanının genişləndirilməsi də daxildir.

Mariyana Kuyundziç onu da qeyd edib ki, bərpaolunan enerji kimi strateji sahə üzrə Avropa özəl investisiyalarının Azərbaycana cəlb edilməsini asanlaşdırmaq üçün çalışırlar. O xatırladıb ki, bu ayın əvvəlində Avropa Komissiyası Brüsseldə Avropa biznes assosiasiyalarının iştirakı ilə Aİ–Azərbaycan Təmiz Enerji üzrə Biznes Dəyirmi Masasını uğurla təşkil edib. “Biz başa düşürük ki, proqnozlaşdırıla bilən investisiya şəraiti və bərabər rəqabət imkanları Azərbaycana investisiya yatırmaqda maraqlı olan Avropa şirkətləri üçün xüsusilə vacibdir”, – deyə diplomat əlavə edib.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir