Azərbaycanda əhali arasında yayılan virusların adı açıqlanıb
Azərbaycanda son dövrlərdə əhali arasında halsızlıq, küt ağrılar, ürəkbulanma və qusma kimi simptomların artması müşahidə olunur. Bu əlamətlər, kəskin qastroenterit və ya xalq arasında “mədə-bağırsaq qripi” kimi tanınan virus mənşəli infeksiyaların göstəricisi ola bilər.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, bu vəziyyətə ən çox səbəb olan infeksiyalar Adenovirus, Norovirus və Rotaviruslardır. Bu viruslar bədəndə ciddi halsızlıq, əzələ ağrıları və həzm sistemi pozuntuları yaradır.
Həmçinin, mövsümi respirator virusların bəzi ştamları da abdominal simptomlarla müşayiət oluna bilər. Bundan əlavə, isti havalarda bakteriyaların (məsələn, Salmonella, Stafilokok) qidalarda sürətlə artması nəticəsində bu qidaları qəbul etdikdə də mədə-bağırsaq əlamətləri baş verə bilər.
İnfeksiyalardan qorunmaq üçün gigiyena qaydalarına ciddi riayət edilməlidir. Əlləri tez-tez sabunla, ən azı 20 saniyə yumaq lazımdır. Meyvə-tərəvəzlər bol su ilə yuyulmalı, ət və süd məhsullarının saxlanma şəraitinə diqqət edilməlidir. Xəstə şəxslərlə yaxın təmasdan və onların şəxsi əşyalarından istifadə etməmək lazımdır. Simptomlar başladıqda bədənin susuzlaşmaması üçün bol su, mineral sular və ya xüsusi elektrolit məhlullarından istifadə edilməlidir.
Böyüklər üçün bu növ ümumi mədə-bağırsaq viruslarına qarşı universal bir vaksin yoxdur. Rotavirus vaksini əsasən körpələrə və uşaqlara tətbiq edilir. Virus mənşəli hallarda antibiotiklər effektiv deyil. Müalicə adətən simptomatikdir (qusma əleyhinə preparatlar, sorbentlər və itirilmiş mayenin bərpası), lakin dayanmadan davam edən şiddətli qusma, yüksək hərarət (38.5°C və yuxarı), nəcisdə qan və ya şiddətli qarın ağrısı, ciddi susuzlaşma əlamətləri (ağız quruluğu, sidik ifrazının azalması, başgicəllənmə) olduqda dərhal həkimə müraciət etmək lazımdır.





Post Comment