İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən partlayış nəticəsində ilkin məlumatlara görə, 10 nəfər ölüb, 15 nəfər yaralanıb. Hadisə zamanı 4 nəfərin dağıntılar altında qaldığı ehtimal edilir.
İzmir Valiliyinin açıqlamasına görə, partlayışın səbəbi maye poladın tökülməsi zamanı tavan kranının elektrik qövs sobasına düşməsi ilə əlaqələndirilir. Hadisə nəticəsində zavod ərazisində böyük yanğın başlayıb və ətrafda yüksək tüstü sütunu müşahidə edilib.
Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları, təcili tibbi yardım qrupları və axtarış-xilasetmə komandaları cəlb olunub. Yaralılardan 4-nün vəziyyəti ağır qiymətləndirilir. Dağıntılar altında qalanların xilas edilməsi üçün axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Hadisə ilə bağlı İzmir Valiliyi cinayət işi açıb və araşdırmalar davam etdirilir. Əlavə məlumatlar əldə edildikcə ictimaiyyətə təqdim olunacaq.
