İnvestisiya Forumu çərçivəsində 11 sənəd imzalanıb
Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif sahələr üzrə 12 sənəd imzalanıb. Tədbir çərçivəsində iqtisadiyyat nazirinin müavini Anar Axundov və “ROX Group” şirkətinin nümayəndəsi tikinti və inkişaf sahəsində əməkdaşlığa dair sənəd imzalayıblar. Bərpa olunan enerji sahəsində isə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və “ROX Group”un nümayəndəsi günəş və külək enerjisi layihələri üzrə əməkdaşlığa dair sənəd imzalayıblar.
Əlavə olaraq, Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafı üzrə əməkdaşlıq sənədini iqtisadiyyat nazirinin müavini Azər Bayramov və “Microsoft Romania, Moldova & CIS” şirkətinin baş meneceri Qabriela Popesku imzalayıblar. Yeni texnologiyalar əsasında silisium karbid, silisium oksid və silisium istehsalını nəzərdə tutan sənədi Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və “Inovest AFEZCO”nun təsisçisi Vitali Yevdokimenko imzalayıblar.
İsveçrə-Azərbaycan plantasiya və emal müəssisələri layihələrinə dair sənədi Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və İsveçrənin “iCsquared GmbH” şirkətinin nümayəndəsi Zoltan Peter Ştuxlik imzalayıblar. Ağdam quşçuluq layihəsi üzrə sənəd Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov, “AgroDairy” MMC-nin Baş icraçı direktoru Niyazi Əmirbəyov və “AGROFERT, a.s.”ın İdarə Heyətinin sədr müavini Petr Çinqr tərəfindən imzalanıb.
Baytarlıq peyvəndlərinin istehsalı layihəsinə dair sənədi Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov və “VETAL HAYVAN SAĞLIĞI ÜRÜNLERİ A.Ş.” direktoru Abdullah Tutak imzalayıblar. Əczaçılıq istehsalı müəssisəsinin yaradılmasına dair sənədi Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov və “Saneca Pharmaceuticals, a.s.” şirkətinin baş maliyyə direktoru Ondrej Draqun imzalayıblar.
Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondu tərəfindən “Azər-Türk Bank” ASC-də nəzarət etməyən payın əldə edilməsinə dair sənədi ASC-nin Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktoru vəzifəsini icra edən Dəyanət Sədullayev və Oman İnvestisiya Qurumunun “G2G Funds” üzrə böyük meneceri Saif Almahrouqi imzalayıblar. “Esyasoft”, ADSEA və SOCAR arasında əməkdaşlıq üzrə sənəd SOCAR-ın prezidenti Rövşən Nəcəf, “Esyasoft”un nümayəndəsi Bibin Çandra və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov tərəfindən imzalanıb.
İnvestisiyaların təşviqi sahəsində Azərbaycan və Ukrayna arasında əməkdaşlığa dair sənədi AZPROMO-nun İcraçı direktoru Yusif Abdullayev və “UkraineInvest”in icraçı direktoru Maryna Xlistun imzalayıblar.





Post Comment