Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Avropa İttifaqının (Aİ) enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen Brüsseldə Yüksək Səviyyəli Enerji Dialoqunun IV iclasını keçiriblər.
İclasda tərəflər enerji təhlükəsizliyi, etibarlı qaz təchizatı, bərpa olunan enerji və “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Azərbaycan və Aİ arasında strateji enerji tərəfdaşlığının “yaşıl enerji” və elektrik enerjisi bağlantıları ilə daha da möhkəmləndirilməsinə qarşılıqlı maraq ifadə edilib.
Avropada artan elektrikləşmə və “yaşıl enerji”yə tələbat fonunda, Yaşıl Enerji Dəhlizi layihəsinin Ortaq Maraqlar Layihələri (PMI) siyahısına daxil edilməsinin əhəmiyyəti vurğulanıb.
Bu görüş, Azərbaycan və Aİ arasında enerji sahəsindəki əməkdaşlığın daha da inkişaf etdirilməsi və regional enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm addım olub.
