Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb. 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Məmmədəliyev, 1/16 finalda kanadalı Castin Lemiri məğlub edərək 1/8 finala yüksəlib. Növbəti mərhələdə Böyük Britaniya təmsilçisi İtan Nerni də üstələyən cüdoçumuz, 1/4 finalda fransalı Dayan Bulemtafesə uduzub. Buna baxmayaraq, təsəlliverici görüşdə italiyalı Leonardo Valeriani məğlub edərək bürünc medal uğrunda mübarizəyə vəsiqə qazanıb. Həlledici qarşılaşmada braziliyalı Daniel Kargnini məğlub edən Məmmədəliyev dünya çempionatının bürünc medalına sahib olub.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan cüdoçusu Əhməd Yusifov (-60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdoçularının böyüklər arasında dünya çempionatlarında dördüncü, -60 kq çəki dərəcəsində isə ilk qızıl medalı olub.
