Oktyabrın 7-də saat 14:20 radələrində Bakı–Qazax avtomobil yolunun 21-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib. “Mercedes Atego” markalı yük avtomobili sürücüsünün idarəetməni itirməsi nəticəsində dəmir maneəyə çırpılaraq aşıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qaradağ rayonu, Qaradağ qəsəbəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes Atego” markalı yük avtomobilinin dəmir arakəsmələrə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub. Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan 4 nəfərin meyiti və bir nəfər sağ olaraq çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək yollarda diqqətli olmağa, sürət həddini və ara məsafəsini gözləməyə, nəqliyyat vasitəsini idarə edərkən diqqəti yayındıran hərəkətlərdən çəkinməyə çağırır. Səfərdən əvvəl avtomobilin texniki vəziyyətinin yoxlanılması, yorğun və yuxusuz halda sükan arxasına keçilməməsi vacibdir.
