İstanbulun Maltepe rayonunda yeddimərtəbəli bir yaşayış binasının üç mərtəbəsinin çökməsi nəticəsində beş nəfər həyatını itirib. Hadisə oktyabrın 8-də səhər saatlarında baş verib. İlkin məlumatlara görə, binanın zəmin mərtəbəsi emalatxana kimi fəaliyyət göstərirdi və uçqun anında orada heç kimin olmadığı müəyyən edilib. xususi.tv
İstanbul Valiliyi hadisə ilə bağlı rəsmi məlumat yayıb. Bildirilir ki, dağıntılar altında qalan üç nəfərin axtarışları davam edir. İlkin araşdırmalara görə, binanın tikintisi zamanı qanunsuz olaraq dörd əlavə mərtəbə əlavə edilib.
Hadisə ilə əlaqədar olaraq, binanın memarı və tikinti üzrə məsul şəxs saxlanılıb. İstanbul Valisi Davut Gül bildirib ki, binanın tikinti icazəsinin olub-olmadığı və hansı hissələrinin qanunsuz tikildiyi araşdırmalardan sonra tam olaraq üzə çıxacaq.
Hazırda axtarış-xilasetmə işləri davam edir və ətrafdakı binalarda təhlükəsizlik tədbirləri görülüb. Hadisənin dəqiq səbəbləri ilə bağlı araşdırmalar davam edir.
