“Sabah” futbol klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk ev oyununu oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçirəcək. Bu qarşılaşmada rəqib Çexiyanın “Slaviya Praqa” komandası olacaq.
Stadionun ot örtüyü təxminən üç həftə ərzində tamamilə yenilənərək qarşıdakı oyunlar üçün hazır vəziyyətə gətirilib.
“Sabah”ın digər ev oyunları da Bakı Olimpiya Stadionunda keçiriləcək. Oktyabrın 20-də Almaniyanın “Borussiya Dortmund” komandası, noyabrın 25-də İspaniyanın “Barselona” klubu və yanvarın 20-də İtaliyanın “Napoli” komandası ilə qarşılaşmalar planlaşdırılır.
Azarkeşlər, hər bir qarşılaşma üçün fərdi biletləri əldə edə bilərlər. Biletlərin qiyməti kateqoriyadan asılı olaraq 35-285 manat arasında dəyişir. Alınmış biletlərin geri qaytarılması, dəyişdirilməsi və bərpa edilməsi mümkün deyil. Biletlər yalnız QR-bilet formatında təqdim olunur və istifadə üçün azarkeşin mobil tətbiqində bileti aldığı hesabına daxil olması tələb olunur. QR-biletlər yalnız oyunların keçiriləcəyi gün aktivləşdiriləcək.
Qeyd edək ki, Bakı Olimpiya Stadionu UEFA-nın yüksək tələblərinə uyğun olaraq inşa edilib və 69,870 nəfərlik tutuma malikdir.
