Rusiyanın Penza vilayətində yerləşən “Orta Asiya – Mərkəz” magistral qaz kəmərində partlayış hadisəsi baş verib. Hadisə Volçkovo kəndi yaxınlığında qeydə alınıb. Partlayış nəticəsində alov sütununun hündürlüyü təxminən 70 metrə çatıb və ətrafdakı bitki örtüyü yanıb. Qaz kəməri dərhal bağlanıb və hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.
Fəsadların aradan qaldırılması üçün 34 nəfərdən ibarət mütəxəssis qrupu və 12 ədəd texnika cəlb edilib. “Orta Asiya – Mərkəz” qaz kəməri sistemi Türkmənistan, Özbəkistan və Qazaxıstanın qaz yataqlarını Rusiya və Avropadakı istehlakçılarla birləşdirir. Bu sistem təxminən 5000 kilometr uzunluğunda olub, bir neçə magistral qaz kəməri və birləşdiricilərdən ibarətdir.
Hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam edir. Əlavə məlumatlar əldə edildikcə ictimaiyyətə açıqlanacaq.
