Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsində (AQEM) sədrliyin müddəti daha iki il uzadılıb. Bu qərar, Bakıda keçirilən AQEM-in 7-ci Zirvə Toplantısında qəbul edilib. Prezident İlham Əliyev tədbirdə çıxış edərək, üzv dövlətlərə təşəkkür edib: “Azərbaycanın AQEM-ə sədrliyinin daha 2 il müddətinə uzadılması təklifinə dəstək verdiklərinə görə üzv dövlətlərə təşəkkür edirəm”.
Prezident İlham Əliyev çıxışında AQEM-in son iki ildə institusional və hüquqi baxımdan daha da gücləndiyini vurğulayıb. O, nəqliyyat, əlaqələr, rəqəmsallaşma, ətraf mühitin qorunması, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığın fəal şəkildə təşviq edildiyini qeyd edib. Bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilən təşəbbüslər nəticəsində AQEM-in üzvlərinin sayının artdığı və təşkilatın coğrafi məkanında təhlükəsizliyin, iqtisadi rifahın və qarşılıqlı anlayışın təşviqi naminə imkanların əhəmiyyətli dərəcədə möhkəmləndiyi bildirilib.
Bu qərar, Azərbaycanın beynəlxalq mövqeyinə və diplomatik fəaliyyətinə verilən yüksək qiymətin göstəricisi kimi qiymətləndirilir. Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, Azərbaycanın AQEM-də sədrliyinin daha iki il müddətinə uzadılması ölkəmizin təşkilat daxilindəki fəaliyyətinə göstərilən dəstəyin və çoxtərəfli diplomatiyada iştirakının davamlılığının göstəricisidir.
Azərbaycanın AQEM-dəki sədrliyinin uzadılması, ölkənin beynəlxalq əməkdaşlıq sahəsindəki fəallığını və təşkilatın inkişafına verdiyi töhfəni əks etdirir.
