Hövsan Yarış Kompleksi, FIFA U-15 Dünya Çempionatı və Festivalı üçün tam hazır vəziyyətə gətirilib. Bu barədə FIFA sosial şəbəkə hesabında məlumat yayıb. Kompleksin inşası Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən cəmi 66 gün ərzində tamamlanıb.
Turnir oktyabrın 24-dən 30-dək Hövsan Yarış Kompleksində keçiriləcək. Açılış və final görüşləri isə Bakı Kristal Zalında baş tutacaq.
Yarışda 189 ölkənin iştirak etməsi və 1000-ə yaxın matçın keçirilməsi nəzərdə tutulur. Bu turnir dünyanın müxtəlif nöqtələrindən yeniyetmə futbolçuları bir araya gətirəcək.
Azərbaycan milli komandası turnir çərçivəsində ilk oyununu oktyabrın 24-də, saat 19:30-da Bakı Kristal Zalında Timor-Leste yığmasına qarşı keçirəcək. Digər qarşılaşmalar isə Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.
Turnirin idarəçiliyi üçün ümumilikdə 81 hakim fəaliyyət göstərəcək. Onlardan 75-i Azərbaycan, altısı isə Türkiyə və Gürcüstan təmsilçiləridir. idman.biz
