Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Danışıq zamanı liderlər iki ölkə arasındakı ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər. Ərdoğan, Türkiyə ilə ABŞ arasında əməkdaşlığın daha da genişlənəcəyinə inandığını bildirib və qarşıdakı dövrdə münasibətlərə yeni dinamika qazandırmaq üçün səylərin davam etdiriləcəyini vurğulayıb.
Türkiyə Prezidenti İran və ABŞ arasındakı gərginliyin sona çatmasının və mövcud problemlərin diplomatik yollarla həll edilməsinin vacibliyini qeyd edib. O, Türkiyənin sülhün təmin olunması istiqamətində səylərini davam etdirəcəyini bildirib.
Ərdoğan, həmçinin Ukrayna-Rusiya müharibəsinin başa çatdırılması üçün artan diplomatik səylərin müsbət nəticə verəcəyinə ümid etdiyini söyləyib. Türkiyənin bu istiqamətdəki təşəbbüslərə töhfə verməyə davam edəcəyini vurğulayan dövlət başçısı, həm Ukrayna, həm də Rusiya ilə təmasların artırılmasının vacibliyini qeyd edib.
Ərdoğan, həmçinin Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə göstərdiyi dəstəyə görə Trampa təşəkkür edib.
