Qara dənizdə, Bolqarıstanın iqtisadi zonasına daxil olan ərazidə Somali bayrağı altında üzən “BETUL 8” adlı yük gəmisi batıb. Gəmidə 12 nəfərdən ibarət heyət olub; bunlardan 8-i Türkiyə, 4-ü isə Azərbaycan vətəndaşıdır. Hadisə nəticəsində bütün heyət üzvləri xilas edilib.
Gəmi Rumıniyanın Tulça şəhərindən Misirə doğru 3,000 ton buğda daşıyırmış. Noyabrın 16-da səhər saat 9:15-də gəmi təxminən 40 dəniz mili cənub-şərqdə batma təhlükəsi ilə üzləşib və yardım çağırışı göndərib.
Hadisə yerinə Bolqarıstan, Rumıniya və Türkiyənin dörd gəmisindən ibarət xilasetmə əməliyyatı göndərilib. Əməliyyata həmçinin Bolqarıstan Hərbi Hava Qüvvələrinə məxsus iki helikopter və bir təyyarə cəlb olunub.
Gəminin batmasının dəqiq səbəbi hələlik məlum deyil. Heyət üzvləri gəminin iki dəniz dronu tərəfindən vurulduğunu iddia ediblər. Son dövrlərdə Qara dənizdə ticarət gəmilərinə qarşı pilotsuz uçuş aparatları ilə hücumlar qeydə alınıb. Analitiklər və siyasi liderlər bu hücumları Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirirlər.
