Türkiyədə liseyə silahlı hücum olub FOTO/YENİLƏNİB
Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda yerləşən İnci Üzməz Peşə və Texniki Anadolu Liseyinin qarşısında 22 sentyabr 2026-cı il tarixində səhər saat 8:00 radələrində silahlı insident baş verib. Hadisə nəticəsində 11 nəfər, o cümlədən 2-si ağır olmaqla, yaralanıb.
İlkin məlumatlara görə, hücumun 15 yaşlı məktəb şagirdi H.O. tərəfindən törədildiyi müəyyən edilib. Şübhəli şəxsin atəş açdığı silahın onun nənəsinin evindən götürüldüyü bildirilib.
Hadisə yerinə çoxsaylı polis və təcili tibbi yardım qrupları göndərilib. Yaralılar ən yaxın tibb müəssisəsinə aparılıb. Hadisədən sonra şübhəli şəxs, onun valideynləri və silahın sahibi olan nənəsi saxlanılıb. Hadisə ilə bağlı məhkəmə və inzibati araşdırma başlanıb.
Hadisənin səbəbi hələlik dəqiq müəyyən edilməyib. Bəzi məlumatlara görə, hücumun səbəbi məktəbdəki zorakılıq iddiaları ilə əlaqəli ola bilər.
Bu hadisə, apreldə ölkənin cənubunda baş verən iki məktəb hücumundan sonra məktəb təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Həmin hücumlarda 16 nəfər yaralanmış və 9 nəfər həyatını itirmişdi. Bu hadisələrdən sonra hökumət məktəb təhlükəsizliyini artırmaq məqsədilə yeni tədbirlər tətbiq etməyə başlamışdı.





Post Comment