“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub
Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda Konqres Mərkəzində onlayn formatda Laçın rayonunda yerləşən “Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub. Prezident İlham Əliyev və Türkiyənin “Demirören Holdinq”inin prezidenti Yıldırım Demirören stansiyanın onlayn açılışını bildirən düyməni basıblar.
Bu layihə, işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji potensialının reallaşdırılması məqsədilə həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsindədir. Kəlbəcər və Laçında kiçik su elektrik stansiyalarının bərpası, tikintisi və uzunmüddətli istismarı layihəsi xüsusi əhəmiyyət kəsb edir.
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının qoyuluş gücü 3,2 MVt, gözlənilən illik elektrik enerjisi istehsalı isə 11,8 milyon kVt/saat təşkil edir. Stansiya Avstriya və İtaliya texnologiyaları əsasında qurulub.
Layihə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində və dövlət-özəl tərəfdaşlığı prinsipi əsasında həyata keçirilir. Ümumi dəyəri 53,2 milyon manat olan layihəyə “Minkənd”, “Qalaca-1”, “Qalaca-2”, “Malıbəy” və “Tərtər-1” kiçik su elektrik stansiyaları daxildir. Digər stansiyaların 2026-cı ilin sonunadək istismara verilməsi nəzərdə tutulur. Onların istismar müddəti 30 ildir. Layihə üzrə ümumi qoyuluş gücü 12,9 MVt, gözlənilən illik elektrik enerjisi istehsalı 44,1 milyon kVt/saatdır.
Layihəyə işğaldan azad olunmuş ərazilər üçün nəzərdə tutulan güzəşt və azadolmalar tətbiq edilib, həmçinin İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən güzəştli kredit verilib. Layihə ilə bağlı fəaliyyət göstərən “Green Karabakh Energy” MMC-də “Demirören Holdinq” və Azərbaycan Biznesinin İnkişafı Fondu iştirak payına malikdir.
Rəsmi mənbələr:





Post Comment