Süni intellekt beyin şişinin çıxarılmasını həyata keçirib
Londonda neyrocərrahlar süni intellektin köməyi ilə beyin şişinin çıxarılması üzrə dünyada ilk uğurlu əməliyyatı həyata keçiriblər. Əməliyyat zamanı süni intellekt kameralar vasitəsilə görüntüləri real vaxt rejimində analiz edərək beyində qorunması vacib olan sinirlər və qan damarları kimi anatomik strukturları müəyyənləşdirib.
Əməliyyat may ayında London Universitet Kollecinin tərkibindəki Milli Nevrologiya və Neyrocərrahiyyə Xəstəxanasında aparılıb. 48 yaşlı Ris Hibbertin hipofiz vəzindəki 11 millimetrlik şiş çıxarılıb və onun görmə qabiliyyəti qorunub.
Yeni texnologiya beyindəki ən kiçik anatomik strukturları tanıyaraq onları rənglərlə fərqləndirir. Bu, cərrahların əməliyyat zamanı daha dəqiq qərarlar qəbul etməsinə və şişin mümkün qədər böyük hissəsinin təhlükəsiz şəkildə çıxarılmasına kömək edir.
Əməliyyatı maliyyələşdirən Milli Səhiyyə və Sosial Qayğı Tədqiqatları İnstitutunun (NIHR) elmi direktoru Mayk Lyuis qeyd edib ki, bu yenilikçi əməliyyat süni intellektin cərrahlara dəstək olmaq və pasiyentlərə göstərilən tibbi yardımı yaxşılaşdırmaq potensialını nümayiş etdirib.
Bu uğurlu əməliyyat süni intellektin tibbdə tətbiqinin gələcəyinə ümidverici bir nümunədir və gələcəkdə daha çox əməliyyatlarda istifadə oluna bilər.





Post Comment