Hava limanında elektron sərhəd nəzarəti sistemi qurulub
Heydər Əliyev Beynəlxalq Hava Limanında sərnişinlərin sərhəd nəzarətindən daha sürətli və rahat keçməsini təmin edən “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib.
Bu sistem, 18 yaşına çatmış Azərbaycan vətəndaşlarının sərhəd nəzarətindən keçidini sürətləndirir. Sərnişin şəxsiyyət sənədini xüsusi oxutma qurğusuna təqdim etdikdən sonra sənəddəki məlumatlar avtomatik oxunur, zəruri yoxlamalar aparılır və biometrik məlumatlar əsasında şəxsin eyniləşdirilməsi həyata keçirilir.
Bütün məlumatların uyğunluğu təsdiq edildikdə elektron qapı avtomatik açılır və sərnişinin sərhəd nəzarətindən keçidi tamamlanır. Bu proses təxminən 20 saniyə ərzində həyata keçirilir.
Sistemin tətbiqi sərhəd nəzarətinin əsas mərhələlərinin avtomatlaşdırılmasına, sərnişinlərin sərhədkeçmə məntəqələrində gözləmə müddətinin azaldılmasına, nəzarət prosedurlarının çevikliyinin və səmərəliliyinin yüksəldilməsinə, eləcə də insan amilinin minimuma endirilməsinə şərait yaradır.
“Elektron qapı sərhəd nəzarəti sistemi” ilkin mərhələdə Heydər Əliyev Beynəlxalq Hava Limanının ölkəyə gəlmə zalında istifadəyə verilib. Növbəti mərhələdə sistemin digər dövlət sərhədindən buraxılış məntəqələrində də tətbiqi nəzərdə tutulur.





Post Comment