Oktyabrın 30-da Bakıda keçirilən FIFA U-15 Dünya Kuboku və Festivalının qaliblərinin mükafatlandırılma mərasimi baş tutub. Bakı Kristal Zalında təşkil olunan tədbirdə əvvəlcə turnir ərzində 1000-ə yaxın oyunu idarə edən hakimlərə xatirə hədiyyələri təqdim edilib.
Sonra müxtəlif divizionların qalibləri mükafatlandırılıb:
- F Divizionunun qalibi Yeni Zelandiya
- E Divizionunun qalibi Mərkəzi Afrika Respublikası
- D Divizionunun qalibi Tacikistan
- C Divizionunun qalibi Belarus
- B Divizionunun qalibi Zambiya
Ən yüksək divizion olan A Divizionunun finalında İspaniya millisi Çexiya yığmasını 3:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub. Azərbaycan Prezidenti İlham Əliyev və FIFA prezidenti Canni İnfantino mərasimdə iştirak edərək qalib komandaya medallar və kubok təqdim ediblər.
Qeyd edək ki, bu turnir FIFA-ya üzv 189 milli assosiasiyadan olan gənc futbol istedadlarını Bakıda bir araya gətirib.
