Lənkəranda ağır qəzada 2 nəfər ölüb
Sentyabrın 16-da Lənkəran rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Ələt-Astara magistral yolunun 154-cü kilometrliyində “Mercedes Vito” markalı mikroavtobusla “Dong Feng” markalı yük avtomobili toqquşub. Qəza nəticəsində mikroavtobusda olan iki sərnişin həyatını itirib, bir nəfər isə xəsarət alıb.
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub. Avtomobildə sıxılı vəziyyətdə qalan 1961-ci il təvəllüdlü Gülnaz Yusub qızı Ağayeva və 1997-ci il təvəllüdlü Zaman Tərlan oğlu Nəsirovun meyitləri çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır. Sürücülərdən yol və hava şəraitini, nəqliyyat vasitəsinin xüsusiyyətlərini nəzərə alaraq müəyyən edilmiş sürət həddinə ciddi riayət etmələri, qarşıdakı nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsi saxlamaları və ötmə manevrlərini yalnız tam təhlükəsiz şəraitdə həyata keçirmələri xahiş olunur.





Post Comment